20 Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib
Bakı, 19 yanvar, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun elmi katibi dosent Mehparə Səfərova 20 Yavar hadisələrinin insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan əlamətdar bir gün olduğunu söyləyib. Bildirib ki, bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
İnstitut Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “20 yanvar faciəsini unutmarıq” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Tədbirdə çıxış edən aparıcı elmi işçi Nüsrət Əliyev 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb və yazdığı şeiri səsləndirib.
Sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş etdirilib.