20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsidir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsi, müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu söyləyib.
Vurğulanıb ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Məhz ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Digər çıxış edənlər bu qanlı hadisədən 26 il keçməsinə baxmayaraq xalqımızın o müdhiş gecəni daim xatırladığını söyləyiblər.