“20 Yanvar” metro stansiyasında “Tariximizin 30 illik yarası” sərgisi açılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Metronun “20 Yanvar” stansiyasında “Tariximizin 30 illik yarası” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tariximizin şəhid qanı ilə yazılmış səhifələrindən biri - 1990-cı ilin 20 yanvar gecəsi hər il Bakı Metropolitenində böyük ehtiram və dərin hüznlə yad edilir. Qanlı tarixin 30-cu ildönümü ərəfəsində “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə “20 Yanvar” stansiyasında foto-sərgi təşkil edilib. Foto-sərgidə həmin qanlı gecədə baş vermiş faciələri kadrlara həkk etmiş fotoqrafların 50-dək əsəri nümayiş olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Azərbaycanın azadlıq meyarı olan, hüznlə şərəf tarixini bir araya gətirən 20 Yanvar gecəsində Bakının yeraltı polad magistralının da səhərə qədər fəaliyyət göstərdiyini deyib, onun tarixi rolunu xüsusi qeyd edib.
QSC-nin sədr müavini Hidayət Məmmədov 20 Yanvar tarixinin xalqımızın yaddaşında 30 ildir yaşayan, qanla yazılmış, yaxın keçmişimizin unudulması mümkünsüz olan, mahiyyəti ildən ilə daha aydın dərk edilən acı, həm də şərəf, qürur doğuran reallığı olduğunu bildirib. Bu baxımdan hər sətri daş-qaya üzərinə həkk olunmuş yaxın tariximizin təcəssümü olan əsərlərin metropolitendə nümayişinin də zaman və məkan baxımından təqdirəlayiq layihələrdən olduğunu vurğulayıb.
Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu birliyin arxivində yer alan bu foto-əsərlərin ictimaiyyətə bu sərgi vasitəsilə təqdim olunmasının əhəmiyyətini qeyd edərək onu vətən azadlığı, torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərinin ruhuna ehtiram nümunəsi kimi dəyərləndirib.