20 Yanvar şəhidləri Sarayevoda anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev tədbirdə çıxış edərək 20 yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verib. Bildirib ki, 36 il əvvəl sovet ordusunun Bakı, Sumqayıt, Lənkəran və Neftçalada mülki əhaliyə qarşı törətdiyi qanlı qətliam Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə iradəsini sarsıda bilməyib.
V.Quliyev vurğulayıb ki, faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında baş verənlərə kəskin etirazını bildirib və günahkarları açıq şəkildə dünya ictimaiyyətinə bəyan edib. Müstəqillik bərpa edildikdən və Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib. 1994-cü ilin mart ayında Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib.
Anım tədbiri çərçivəsində səfirliyin binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.