QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Berlində ehtiramla yad edilib




Berlin, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, anım tədbiri faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra faciə ilə bağlı səfirliyin alman dilində hazırladığı film nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli 20 Yanvarın Azərbaycanın müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu, bu hadisənin xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazıldığını qeyd edib.
Diplomat 1990-cı il yanvarın 19-20-də SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan qəhrəman oğul və qızlarımıza, eləcə də dinc əhaliyə qarşı qanlı qırğın törətdiyini, 150-yə yaxın insanın qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 800-dən çox şəxsin qanunsuz həbs edildiyini, 4 nəfərin itkin düşdüyünü diqqətə çatdırıb. Qanlı hadisənin ertəsi günü Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq və sərt etirazını bildirdiyi, faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin təşəbbüsü ilə verildiyi diqqətə çatdırılıb. Azərbaycan xalqının milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsini daim ən dərin ehtiramla yad etdiyi qeyd olunub.
Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəflinin ifası ilə davam edib.
Anım tədbiri çərçivəsində faciə ilə bağlı fotosərgi təşkil olunub.
Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin