20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Əskişəhərdə anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Dərnək sədrinin müavini Sirac Yaquboğlu və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Aygün Qocayeva çıxış edərək 20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslər, sovet imperiyasının Azərbaycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və ölkəmizin digər bölgələrində hərbi cinayət törətməsi, bu faciənin ölkəmizin müstəqilliyinə gedən yolda dönüş nöqtəsinə çevrilməsi barədə ətraflı məlumat veriblər. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə 20 Yanvar şəhidlərinin ruhunun şad olduğu vurğulanıb.
Anım tədbiri 20 Yanvar faciəsindən bəhs edən videoçarxın nümayiş olunması ilə başa çatıb.