QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Haaqada ehtiramla anılıb




Haaqa, 20 yanvar, AZƏRTAC
Niderland Krallığının Haaqa şəhərində Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Dərnəyin gənclər şöbəsinin rəhbəri Tuğrahan Aşkın və dərnəyin keçmiş rəhbəri Celal Karagöz çıxış edərək 20 Yanvar şəhidlərinin anım tədbirinin keçirilməsinin önəmini vurğulayıblar.
Azərbaycan-Niderland Odlar Yurdu təşkilatının sədr müavini Nehmətağa Əliyev 20 Yanvar 1990-cı il hadisələri ilə bağlı xatirələrini bölüşüb, qanlı hadisələrdən danışıb.
Dərnəyin Azərbaycan üzrə məsul nümayəndəsi Şamil Mustafayev 20 Yanvar gününün təkcə hüzn deyil, həm də qürur günü olduğunu qeyd edib. O, belə faciələrin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Sonra 20 Yanvar hadisələri ilə bağlı hazırlanmış video nümayiş olunub.
T.Aşkın səhhəti ilə əlaqədar olaraq tədbirə qatıla bilməyən dərnəyin rəhbəri İlhan Aşkının tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.
Anım tədbiri iştirakçılar üçün həm qürur, həm kədər, həm də birlik ruhunu əks etdirən hadisə kimi yadda qalıb.