20 Yanvar xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir
Gəncə, 19 yanvar, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərləri və kitablardan ibarət stendə baxıblar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 Yanvar hadisələrinə həsr edilən videoçarx nümayiş olunub.
Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb. Bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin Zəfər salnaməsidir.
Rektorun baş müşaviri Asif Cavadov 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələrindən danışıb. Bildirib ki, 34 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordu birləşmələri yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilmişdir. Xalqımız böyük faciə ilə üzləşsə də Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirmişdir.
GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, o ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edən bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Prorektor şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından da söz açıb.
Tədbirdə Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “20 Yanvar - qanla yazılan tarix”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusibovanın “Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi”, Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın “İnsanlığa qarşı ən böyük cinayət” adlı məruzələri dinlənilib.
Çıxışlardan sonra tələbələrin ifasında 20 Yanvar şəhidlərinə həsr edilmiş şeirlər səsləndirilib.