20 Yanvar xalqımızın mübarizliyini nümayiş etdirən qəhrəmanlıq tarixidir
Qars, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu tərəfindən 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.
Mərasimdə Qars vilayət valisinin müavini Adem Ünal, Qars şəhər Bələdiyyəsinin sədri Murtaza Karaçanta, sədr müavinləri Arda Tatlı və Taner Ünsal, Ədalət və İnkişaf Partiyasının Qars vilayəti üzrə rəhbəri Adem Çalkın, şəhərin digər rəsmi qurumlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin professor və müəllim heyəti, bu universitetdə təhsil alan azərbaycanlı və türkiyəli tələbələr, KİV və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra baş konsul Ayxan Süleymanlı çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs edib. O, həmin ağır günlərdə ümummilli liderimiz Heydər Əliyevin Moskvadakı daimi nümayəndəliyimizə gələrək Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə görə M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərlərinin günahkar olduqlarını dünya ictimaiyyətinin diqqətinə çatdırması barədə məlumat verib.
Qafqaz Universitetinin professoru, həmyerlimiz Hacəli Nəcəfoğlu 20 Yanvar tarixini Azərbaycan xalqının şanlı səhifəsi kimi dəyərləndirib. Faciə ilə bağlı acı xatirələrindən bəhs edən H.Nəcəfoğlu 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı mühüm rolundan danışıb, həmin günün öz azadlığı və müstəqilliyi naminə can atan xalqımızın mübarizliyini nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.
20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirəndən sonra iştirakçılar baş konsulluq tərəfindən hazırlanmış, 20 Yanvar faciəsini əks etdirən fotostend və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif təbliğat materialları ilə tanış olublar.
Yerli media tərəfindən geniş işıqlandırılan mərasimdə ehsan süfrəsi açılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars