20 Yanvar xalqımızın qan yaddaşıdır
Naxçıvan, 19 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Qanlı Yanvar: Xalqımızın qan yaddaşı” mövzusunda keçirilən tədbirdə bu fikirləri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Əvvəlcə Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Saleh Məhərrəmov bildirib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyib. Əsl vətəndaşlıq və ümummilli mübarizəyə çağırış məqamı olan bu addım Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizədə əsas stimul olub. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəlib, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb. Məhz Ümummilli Liderin Sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olunub.
Tədbirdə universitetin iqtisad fakültəsinin dekan müavini, dosent Teymur Abbasovun “Xalqımızın qan yaddaşı”, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “20 Yanvar faciəsinin tarixi”, tələbələrdən Heydər Əliyev adına təqaüdçü Nəsrin Əliyevanın “20 Yanvar faciəsi gəncliyin yaddaşında”, Zeynalabdin Cəfərovun “20 Yanvar xalqımızın qürur və şərəf abidəsidir” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirir. Azərbaycan xalqının məruz qaldığı bu qanlı qırğın beynəlxalq müstəvidə hələ də bəşəriyyət əleyhinə cinayət kimi yetərincə qiymətləndirilmir. Bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.