REGİONLAR
Güclü leysan və dolu Daşkəsəndə fəsadlar törədib VİDEO
Daşkəsən, 11 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 10-nu saat 19:00 radələrində Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan əsasən rayonun Çanaqçı və Alaxançallı kəndlərində körpülərə, yol, elektrik, rabitə xətlərinə, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü aparıb. Alaxançallı kəndi ərazisində isə sel suları bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.
Bir çox ərazidə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb.
İnsan itkisi və xəsarət alan yoxdur.
Hazırda dəymiş ziyanın həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.