REGİONLAR
Ordubadda istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil olunub VİDEO
Ordubad, 16 iyun, AZƏRTAC
Muxtar respublikada yeni turizm infrastrukturunun yaradılması, istirahət və əyləncə mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı, gələn turistlərə qədim tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz təbliğ edilir. Bu məqsədlə Ordubad rayonunun geniş turizm imkanlarına malik Anaqut kəndindəki “Xan çinar” İstirahət Mərkəzində istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, səyyar sərgi-satışda toxuma, muncuqla iş, dekorativ iş, tikmə, dekorativ tablo, gipslə iş, xalça, tikmə tablo, yağlı boya, sulu boya, yandırma tablo olmaqla, ümumilikdə, 17 müəllifin 1500-ə yaxın əl işi sərgilənib. Əl işlərində əsasən, muxtar respublikanın tarixi abidələri, gəzməli-görməli yerləri, milli geyimləri, qadın bəzək əşyaları, məişət əşyaları, muxtar respublikaya xas milli naxışlardan ibarət xalçalar və digər əl işləri üstünlük təşkil edib. Səyyar sərgi-satışda olan əl işləri istirahət mərkəzinə gələn turistlər və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi-satışda 7 qadının 52 adda əl işi satılıb.
Qeyd edək ki, bu cür səyyar sərgi-satışların növbəti həftələrdə digər istirahət mərkəzlərində keçirilməsi də nəzərdə tutulur.