REGİONLAR
Sabirabadda keçirilən tarla seminarında ziyanvericilərə qarşı mübarizə üsulları müzakirə olunub VİDEO
Sabirabad, 20 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunun Ulacallı kəndində “Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda tarla seminarı keçirilib.
Seminarda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (Zərərsizləşdirmə) rəisi Ceyhun İbrahimov, Bitki mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov pambıq sahələrindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün zərərverici və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edib ki, pambıq bitkisinin müxtəlif inkişaf fazalarında sahələr zərərvericilərlə, xüsusən mənənələr, tütün tripsi, tor (hörümçək) gənəciyi, pambıq sovkası ilə sirayətlənir. Hazırkı inkişaf mərhələsində (qönçələmə) pambıq sahələrinə əsasən tor gənəciyi zərərvericisi ziyan vurur. Şəraitdən və ərazinin coğrafi vəziyyətindən asılı olaraq, tor gənəciyi il ərzində 15-18 nəsil verir. Havanın kəskin soyuması güclü yağışlarla müşahidə olunduqda gənəciyin miqdarı əhəmiyyətli dərəcədə azalır, 7-10 gündən sonra gənə miqdarca yenidən artmağa başlayır. Pambıqda gənələr yarpaqların alt tərəfində (adətən damar boyunca) və çiçək altlığında toplaşır, çox vaxt yüzlərlə fərddən ibarət koloniyalar əmələ gətirir. Zədələnmiş yarpaqların üst tərəfində qırmızı ləkələr əmələ gəlir, ləkələr sonradan birləşir. Yarpaqlar qızarır, sonra qonurlaşır və tökülür. Sahədə pambıq bitkiləri tor gənəciyi ilə güclü sirayətləndikdə və ona qarşı müvafiq mübarizə tədbirləri həyata keçirilmədikdə pambıq məhsulunun (mahlıcın) 35-50 faizi itkiyə gedir.
Daha sonra Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov pambıq əkinlərində zərərvericilərə qarşı tətbiq olunan mübarizə üsulları, o cümlədən inteqrir mübarizə tədbirləri sisteminin üstünlükləri barədə ətraflı məlumat verib. Bildirib ki, pambıq əkinlərində zərərli orqanizmlərə qarşı innovativ mübarizə tədbirlərinin aparılması əhəmiyyətli rola malikdir.
Pambıqçı fermer Əfras Əsgərov dövlətin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində fermerlərin son illərdə bu sahəyə marağının daha da artdığını və bu səpgidə tədbirlərin keçirilməsinin məhsul istehsalına da töhfə verəcəyini deyib. Qeyd edib ki, bugünkü seminarda mütəxəssis və alimlər tərəfindən görüləcək işlərə aydınlıq gətirildi, hansı kimyəvi üsuldan istifadə edilməsi izah olundu.
Sonra alim mütəxəssis və fermerlər birlikdə sahələrə baxış keçiriblər. Fermerləri maraqlandırılan suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.