REGİONLAR
44 nəfər Vətən müharibəsi qazisi Nabranda istirahət edəcək VİDEO
Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 44 nəfər Vətən müharibəsi qazisinin Xaçmaz rayonunun Nabran qəsəbəsinə istirahəti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, altı gün davam edəcək istirahət proqramında iştirak edən qazilər iyunun 22-də Xaçmaza gəliblər.
FHN işçilərinin Həmkarlar İttifaqının və əlaqədar qurumların rəhbərləri Vətən müharibəsi qaziləri ilə birlikdə Xaçmaz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində qazanılan parlaq Qələbədən danışıb.
Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə güclənir, dövlətimizin iqtisadi və hərbi qüdrəti durmadan yüksəlir. Bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində erməni işğalçıları cəmi 44 gün ərzində torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Azərbaycan Prezidentinin qətiyyəti, düşünülmüş siyasəti və Ordumuzun qəhrəmanlıq əzmi sayəsində azad edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman əsgər və zabitlərin xalqımızın yeni qəhrəmanlıq salnaməsini yaratdı.
Natiq çıxışı zamanı qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə, qazilərimizə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Mehman İsmayılov Vətən müharibəsi dövründə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fəaliyyətinə toxunaraq vurğulayıb ki, FHN-in strukturları Ali Baş Komandanın əmrini şərəflə icra etməklə Qələbənin qazanılmasına öz töhfələrini veriblər.
Sonra Xaçmaz Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsi ehtiramla anılıb.
Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Vətən müharibəsi qaziləri Nabrandakı “Orman” istirahət mərkəzinə yola düşüblər.
İstirahət mərkəzində dincələcək Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri üçün minifutbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunların təşkili planlaşdırılıb. Həmçinin onların FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub.