21 yaşlı qazi: Doğma torpaq üzərində başı uca gəzməkdən böyük səadət yoxdur...
Bakı, 10 mart, AZƏRTAC
Əsgər üçün Vətənin azadlığından, doğma torpağın üzərində başı uca və məğrur gəzməkdən böyük səadət yoxdur. Mən bu səadəti yaşamış, vətənin bütövlüyünə qovuşmuş əsgərəm. Ayaqlarımı itirsəm də...
Vətən müharibəsində yaralanan qazilərdən olan Vüqar İbrahimov bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində mühərrikli təkərli oturacaqla təmin ediləndən sonra AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Əslən Göyçay rayonundan olan Vüqar Vətənin ağır günündə onun harayına gələnlərdən olub. Bir il əvvəl hərbi xidmətini başa vursa da, ötən ilin sentyabrında səfərbərlik nəticəsində döyüş bölgəsinə yollanıb. 21 yaşlı əsgər Qələbə sevincini yaşasa da, bundan xeyli sonra - dekabrın 13-də Ağdam rayonunun Şıxlar kəndində minaya düşüb.
Birinci dərəcəli Vətən müharibəsi əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Türkiyənin Wollex şirkətinin istehsal etdiyi mühərrikli təkər oturacaqla təmin olunmağından razılıq edərək deyib: “Heç kəsin köməyi, yardımı olmadan hərəkət etmək çox böyük şeydir. Belə müasir texnologiyalarla təmin olunmuş oturacaq üzərində hətta kilometrlərlə məsafə qət etmək olar. Burada oturacaq üzərində özünü sərbəst hiss etmək üçün hər cür şərait var. Müəyyən vaxt keçdikdən sonra onun üzərində daha rahat hərəkət və özünü idarə etməyə öyrəşmək mümkün olacaq”.