Şəhid oğlu atasının xatirəsinə həsr olunan güləş turnirində birincilik əldə edib VİDEO
Füzuli, 29 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə Aprel döyüşləri şəhidi mayor Elnur Əliyevin xatirəsinə həsr edilən sərbəst güləş üzrə respublika turniri keçirilib. Yeniyetmə pəhləvanlar gücünü sınayıb, qaliblər müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonu 11 saylı Qayıdış qəsəbəsində Azərbaycan Güləş Federasiyasının, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəhid Elnur Əliyevin xatirəsinə həsr olunan sərbəst güləş üzrə I Respublika turniri keçirilib.
Yarışın açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin, Milli Məclisin deputatları, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Aliyev, deputat Vüqar Bayramov, beynəlxalq dərəcəli hakim, yarışın baş hakimi Tural Əliyev, şəhid Elnur Əliyevin qardaşı, polkovnik-leytenant Amid Əliyev, şəhid valideynləri İlqar Astanov, Süleyman Mahmudov, Füzuli Rayon Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev Azərbaycan Ordusunun qüdrətindən, Aprel Zəfərindən, həmçinin Vətən müharibəsində qazanılan şanlı Qələbədən söhbət açıblar. Qeyd edilib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızdan biri də mayor Elnur Əliyevdir.
Bildirilib ki, Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzulinin Dədəli kəndində anadan olub. Hələ azyaşlı vaxtlarından erməni millətçilərinin azərbaycanlılara qarşı nifrətinə şahid olan Elnur hərbçi olmağa qərar verib. Hərbi lisey və Ali Hərbi Akademiyada hərbin sirlərinə yiyələnən Elnur ordu sıralarında Vətən keşiyində dayanıb. Aprel döyüşlərində qəhrəmanlıq nümayiş etdirən mayor Elnur Əliyev döyüşlər zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhid mayorun Elvin və Elxan adında iki oğlu yadigar qalıb.
Açılış mərasimindən sonra yarışlara start verilib. Turnirə ölkəmizin müxtəlif şəhər və rayonlarından, ümumilikdə, 10 komandada 150-dən çox pəhləvan 10 çəki dərəcəsi üzrə gücünü sınayıb. Gərgin keçən mübarizədə Füzuli güləşçiləri 1-ci, Cəlilabad güləşçiləri 2-ci, İmişli güləşçiləri isə 3-cü yeri qazanıb.
Qeyd edək ki, turnirdə iştirak edən şəhid mayor Elnur Əliyevin övladı Elxan Əlizadə öz çəki dərəcəsi üzrə yarışları müvəffəqiyyətlə başa vuraraq 1-ci yerə layiq görülüb.
Qaliblər medallar və fəxri fərmanlarla təltif ediliblər.
Yarış bitdikdən sonra turnir iştirakçıları şəhid Elnur Əliyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.