22 aprel-Beynəlxalq Yer günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri Bakı şəhəri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı ETSN tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və onları maraqlandıran suallar nazirliyin ekologlar tərəfindən cavablandırılıb. Qeyd edək ki, Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Bu istiqamətdə respublikanın orta və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.
Qeyd edək ki, “Beynəlхalq Yer günü”nün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunmuşdur. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır.
1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırıldı.
1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilmişdir. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, onların həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olmuşdur.
Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.