CƏMİYYƏT
Çingiz Əsgərov: Erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə də müdafiə etməlidir. 2003-cü ildən biz bu işlərlə məşğuluq. 2005-ci ildən isə erməni vandalizmi ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Tarixdə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması əks olunub. Bu qərar 2005-ci ildə təsdiqlənib. 2021-ci il yanvarın ortalarında böyük dövlətlərarası şikayəti hazırlanıb və təqdim olunub. Bu müharibə cinayətləri Cenevrə Konvensiyası ilə tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov söyləyib.
O bildirib ki, Avropa Məhkəməsi son qərarlarında beynəlxalq hüquqa müraciət edir, bəzən də erməni cinayətlərinə qiymət verir. Belə ki, ermənilər tərəfindən Azərbaycan xalqına, hərbçilərinə qarşı törədilən zorakılıqlarla bağlı məlumatlar Avropa Məhkəməsinə təqdim edilib.
Çingiz Əsgərov, həmçinin qeyd edib: “Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşiliklərə, terrorlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susur. Bu da onların ikili standartlarının göstəricisidir. Bütün bunlar ayrı-seçkilikdir. Buna baxmayaraq, biz bu istiqamətdə çalışmalıyıq. İnanırıq ki, məhkəmədə qalib gələcəyik. Ermənistan isə kompensasiya ödəyəcək”.