SİYASƏT
Xələf Xələfov: Bu terror hadisəsinə görə İran bir dövlət kimi məsuliyyət daşıyır VİDEO
Bakı, 29 yanvar, AZƏRTAC
Məlum olduğu kimi yanvarın 27-də təqribən saat 8:40 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum - terror aktı törədilib. Bu terror aktı nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, iki əməkdaş müxtəlif güllə xəsarətləri alıb. Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Belə hadisələrin baş verməsi qəbuledilməzdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 29-da jurnalistlərə müsahibəsində deyib.
Nazir müavini bildirib ki, Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır: “Prezidentimiz bu hücumu terror aktı kimi qiymətləndirib və şiddətlə pisləyib. Bu hadisədən sonra İranın Bakıdakı səfirini dərhal Xarici İşlər Nazirliyinə çağırdıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran bir dövlət kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq, bu terror aktının hərtərəfli və şəffaf şəkildə təhqiqatını aparmalı, cinayətkarları məsuliyyətə cəlb etməlidir”, - deyə X.Xələfov vurğulayıb.