Tehrandakı səfirliyimizə qarşı terror anti-Azərbaycan kampaniyasının pik həddi hesab edilə bilər VİDEO

Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanın İrandaki səfirliyinə hücum Azərbaycana qarşı edilən bir terror hadisəsi idi. Səfirliyimizə əlisilahlı bir şəxsin daxil olması və onun qarşısının alınması, səfirliyin təhlükəsizliyinin qorunması üçün İran polisi tərəfindən heç bir cəhdin göstərilməməsi, bu ölkənin faciəyə barmaqarası baxmasının nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
O bildirib ki, bu, indiyə qədər aparılan anti-Azərbaycan kampaniyasının pik həddi hesab edilə bilər. Deputatın sözlərinə görə, terrorçunun tələsik İran telekanallarına çıxarılması, onun terror törədilməsi unudularaq məişət məsələlərini qələmə verməyə cəhd edilməsi təəssüf doğurur.
İran bu hadisədən nəticə çıxarmalıdır, Azərbaycan kimi bir qonşunu itirdiyinin fərqinə varmalıdır deyən deputat əlavə edib: “İranın Azərbaycana qarşı bu münasibəti onu göstərir ki, İran öz qonşuları ilə yaxşı münasibətlər qurmaq istəyində deyil. Mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi heç bir normaya sıxmayan məsələdir. Bu, ona qarşı deyil, ümumilikdə Azərbaycana qarşı edilən davranışdır. Mühafizə xidmətinin digər əməkdaşı Vasif Tağıyevin qəhrəmanlığı isə onu göstərdi ki, Azərbaycanlı əsgər harada olmasından asılı olmayaraq, öz Vətəni və bayrağı üçün canını verməyə hazırdır”.