SİYASƏT
Müstəqillik Günü Berlində böyük çoşqu ilə qeyd olunub VİDEO
Berlin, 26 may, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi Müstəqillik Günü münasibətilə Berlində geniş tədbir təşkil edib.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Bundestaqın deputatları, Almaniyanın dövlət qurumlarının yüksəkvəzifəli təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri daxil olmaqla ümumilikdə 500-dən çox qonaq iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib. Sonra səfirlik tərəfindən Müstəqillik Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 105 il əvvəl xalqımızın müsəlman dünyasında ilk cümhuriyyət yaratdığını qeyd edib. Cümhuriyyətin bir çox uğurlara imza atdığını söyləyən diplomat qadınlara seçki hüququnun verilməsini xüsusi vurğulayıb. Bildirib ki, 1920-ci ildə süquta uğrayan Cümhuriyyət 1991-ci ildə müstəqilliyini bərpa edib. Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf yolundan bəhs edilib, habelə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının dövlətçilik baxımından önəmi diqqətə çatdırılıb.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Müstəqillik Günü münasibətilə təbrik nitqi ilə çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin dinamik şəkildə inkişafından məmnunluğunu ifadə edib.
Sonra Almaniyada yaşayan musiqiçi həmyerlimiz Tural İsmayılovun rəhbərlik etdiyi “Caucasian Consort” qrupu tərəfindən Azərbaycan və beynəlxalq caz musiqisi nümunələri səsləndirilib. Həmçinin Azərbaycan rəqsləri ifa olunub, gənclər tərəfindən milli geyimlərimiz nümayiş etdirilib.
Qonaqlara milli mətbəximizin ləziz təamları da təqdim olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin