CƏMİYYƏT
Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat məbləğində pul tələb edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 21 iyun, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıblar. Rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedovun xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat məbləğində pul tələb etdiyi müəyyənləşdirilib. Zərərçəkən qeyd olunan qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.
Saxlanılan şəxslər barəsində 13-cu polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.