Dəmir yolundan 3 min manatlıq oğurluq edilib VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Dəmir yollarında təhlükəsizliyi təmin etmək üçün quraşdırılan dəyəri 3 min manat olan 22 ədəd metal tor oğurlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, dəmir yolları xəttinin Sabunçu rayonunun Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb.
Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və polis şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torları isə polis əməkdaşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib.
Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.