REGİONLAR
Zaqatalada Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc yolunun yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO




Bakı, 11 iyul, AZƏRTAC
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 kilometrindən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 22.4 kilometr uzunluğa malik sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Məlumata əsasən, layihə çərçivəsində yolboyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntunun çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası işləri görülüb. Artıq yolun 19 kilometrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Həmçinin yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi və layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası işləri icra olunub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşınması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq.