Salyan rayonunda 33 kilometr uzunluğa malik yollar yenidən qurulur VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası davam etdirilir. Həmin kəndlərə gedən yolların ümumi uzunluğu 33 kilometr təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində işlər qeyd olunan kənd yolları üzrə növbəli şəkildə həyata keçirilir. Belə ki, hazırda işlər Boranıkənd, Dayıkənd, Sarvan və Şorsulu kəndləri hissəsində aparılır.
Yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 8.5-9 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihənin 4.5 kilometr uzunluğa malik Boranıkənd hissəsi üzrə 3.3 kilometrində yol əsasının tikintisi və ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Həmin yolun 1.2 kilometrlik hissəsində aparılan torpaq işləri yekunlaşmaq üzrədir.
Layihənin ümumi uzunluğu 5.5 kilometr təşkil edən Dayıkənd və Sarvan kəndləri hissələrində torpaq işləri, yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yol əsasının tikintisi yekunlaşıb, 3 kilometr hissədə isə asfalt örtüyünün alt qatının döşənməsi işləri sona çatıb. Həmçinin 2.5 kilometr uzunluğa malik Şorsulu kəndi hissəsində isə torpaq işləri və yol əsasının inşası icra olunub, bu hissədə yolun asfaltlanma işlərinə başlanılıb.
Layihə üzrə kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası zəruri yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri görülür. Layihə üzrə işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Sonuncu mərhələdə kilometr göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.