Beyləqanda 36 kilometrlik avtomobil yolunun tikintisi davam edir VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7 yaşayış məntəqəsini əhatə edən 36 kilometrlik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Layihənin uzunluğu 8 kilometr olan Allahyarlı və 5,2 kilometr uzunluğa malik Sarısu hissələri üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Bu hissələrdə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.
Layihə üzrə uzunluğu 15.6 kilometr olan Qəhrəmanlı və uzunluğu 7.2 kilometr təşkil edən Gödəklər-Bünyadlı hissələrində torpaq işləri, köhnə örtüyün frezlənməsi, suötürücü boruların tikintisi icra olunub. Hazırda həmin hissələrdə yol əsasının tikintisi işləri başa çatır.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, kilometr göstəriciləri quraşdırılacaq.