Biləsuvarlı əkinçilər üçün innovativ təcrübə-sınaq sahəsi yaradılıb VİDEO
Biləsuvar, 31 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarlı fermerlər bundan sonra müasir ağıllı əkinçilik texnologiyaları ilə yaxından tanış ola biləcək, öz aqrar təcrübələrini artıracaqlar. Bunun üçün rayonda innovativ təlim- təcrübə mərkəzi yaradılıb. Artıq fermerlər təcrübə əkin sahəsində təlimlərə başlayıblar.
AZƏRTAC xəbər verir ki, rayonun potensial torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması burda fermerlərin də ənənəvi kənd təsərrüfatı bitkilərinin inkişafına böyük təkan verib. Təxminən 60 min hektara yaxın əkinaltı torpaq sahələrində hazırda yüzlərlə fermer, mülkiyyətçi əkin-biçinlə məşğuldur. Bu ilin əvvəlindən rayonda yaradılan Kənd Təsərrüfatı İnnovasiyaları Təlim və Təcrübə Mərkəzi artıq istehsalçıların məhsuldar fəaliyyətinə yeni bir nəfəs gətirib. Bir hektarlıq ərazidə təxminən 20 məhsulun sınaq əkinlərinin aparıldığı təcrübə sahəsi yaradılıb. Mərkəzdə türkiyəli mütəxəssislər tərəfindən təlimlərə başlanılıb.
Təcrübə mərkəzinin rəhbəri Mikayıl Soltanov: “Biləsuvar rayonunda toxumçuluğu inkişaf etdirmək niyyətindəyik. Qardaş Türkiyədən iki sortda pambıq, qarğıdalı, günəbaxan gətirmişik. Məqsədimiz budur ki, gələcəkdə bunu Biləsuvarda, yaxşı effekt verərsə respublikada da inkişaf etdirəcəyik”.
Təcrübə mərkəzinə gələn fermerlər təcrübələri üzrə təlimlərlə yanaşı, ağıllı əkinçilik texnologiyaları ilə yaxından tanış olmaq və aqronom dəstəyi ilə əlaqəli bilgi və təcrübə paylaşımı edə biləcəklər. Sınaq sahəsində “ağıllı” idarəetmə sisteminin- iqlim stansiyası, feromon kamerası, torpaq sensorunun tətbiqi, əkin işləri üçün əlverişli zamanın təyin olunmasında xəstəliklərlə bağlı xəbərdarlıq, torpağın nəmliyinin ölçülməsi, suya tələbat və s. məsələlər üçün yeni texnoloji imkanlar yaradılıb.
Mülkiyyətçi İlqar Mirzəyev: “Biz bunların hamısını bu gün əyani gördük. Çox bəyənirəm, hesab edirəm ki, nəinki rayon, bölgə, ümumən respublikamız üçün çox gözəl bir hadisə olacaq, fermerlərimiz bu təcrübədən yararlanacaqlar, burda tətbiq olunan üstünlükləri mənimsəyəcəklər. Bu texnologiyanın tətbiqindən səmərəli istifadə etməklə daha çox, yüksək məhsul əldə edəcəyik”.
Mütəxəssis Mirdaməd Solatanov: “Dediyimiz kimi, bu bütün Avropa ölkələrində, inkişaf etmiş kənd təsərrüfatı ölkələrində belə bir sınaqlar aparılır. Eyni zamanda, müasir seleksiyanın nəticəsi olaraq yetişdirilimiş yeni sortların rayonlaşdırılması, onların tədqiqi, öyrənilməsi bu böyük bir addımdır və bu həm pambıqçılığın, günəbaxan sahələrinin, qarğıdalı sahələrinin inkişafında, həm bostan tərəvəz sahələrində yüksək məhsuldarlıq əldə etmək üçün bizim fermerlər üçün stimulverici addımdır”.
Təcrübə-sınaq sahəsində yetişdirilən bitkilərin nəticələri öyrənildikdən sonra artıq bu sortların ölkəyə dövlət səviyyəsində gətirilməsi və sortların rayonlaşdırılmasına başlanılacaq.