İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir VİDEO
Bakı, 23 avqust, AZƏRTAC
İsmayıllı rayonunda respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 20-ci kilometrindən ayrılan Zərgəran avtomobil yolu təmir olunur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, təmir olunan yolun uzunluğu 2.9 kilometr, eni ortalama 5 metr təşkil edir.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla təmir işləri aparılıb, yararsız asfalt və çınqıl örtüyü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolboyu əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Görülən işlər çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli yeni borular salınıb.
Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.