Biləsuvarda xarici günəbaxan sortlarının məhsuldarlığı yoxlanılır VİDEO
Biləsuvar, 6 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Biləsuvarda günəbaxan sahələrində məhsul yığımı başa çatıb. Bu il ənənəvi sortlarla yanaşı təcrübə-sınaq mərkəzində becərilən xarici toxum sortlarının da məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək. Rayonun təbii iqlim şəraitinə uyğun olaraq hər il onlarla fermer günəbaxan bitkisinin əkini ilə məşğul olur.
AZƏRTAC xəbər verir ki, son illər suvarma suyuna tələbat tam ödənilmədiyi üçün Biləsuvarda günəbaxanın əkin hektarında 50 faiz azalma müşahidə olunur. Bu il rayonun bir neçə kəndində 80 hektara yaxın sahədə məhsul yetişdirilib. Lakin strateji əhəmiyyətli bitkinin bölgədə daha planlı və məhsuldar sortlarının inkişaf etdirilməsi üçün təcrübə-sınaq mərkəzində bu ildən innovativ üsulların tətbiqinə başlanılıb.
Təsərrüfat rəhbəri Mikayıl Sultanov Türkiyədən gətirilmiş yeni sortlar barədə deyib: “Gələcəkdə bu sortun toxumunu rayonumuzda yaymaq niyyətimiz var. Yəni - bu sortun toxumunu götürdükdən sonra gələcəkdə digər sahələrdə də əkinini həyata keçirəcəyik”.
20 ildən çoxdur ki, ailə-fermer təsərrüfatı ilə məşğul olan 3-cü dərəcəli “Əmək” ordenli Rafiq Bədəlov, bu mövsüm təsərrüfatında digər bitkilərlə yanaşı günəbaxan da əkib. Lakin builki mövsüm ötən illərlə müqayisədə heç də uğurlu olmayıb: “Əvvəllər 40 hektara yaxın yer əkərdim. Bu il su ilə əlaqədar bir az azaltmışam, 18 hektara gətirib çıxarmışam. Əvvəl məhsuldarlıq olardı 25-30 sentner. İndi 15 sentner ancaq gözlənilir. Buna baxmayaraq məhsul biçilir, hazırda qurutma işi aparılır. Biçin müasir aqreqatla həyata keçirilir - kombayn vasitəsilə. Əl əməyindən istifadə olunmur. Qurudandan sonra təmizlənir, çeşidlənir, satışa hazırlanır. Günəbaxan daha sərfəlidir, çünki bir-iki dəfə suvarmaqla məhsul götürmək olur. Ona görə də mən çalışıram ki, növbəli əkin üçün günəbaxandan istifadə edim”.
İstehsalçı deyir ki, çətinliklərə rəğmən, günəbaxan ən gəlirli bitki növlərindəndir. Müasir sortların tərkibində yağın miqdarı 50-52 faizə çatır. Həm də bu sahə rentabellidir. Builki qiymətlər də ötən ilkindən fərqli olaraq bir kiloqramı 1 manat 20 qəpik civarında gözlənilir. Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il 145 hektar günəbaxan sahəsindən 20 sentnerə yaxın məhsul əldə edilib. Fermerlərə dövlət tərəfindən 34 min 944 manat subsidiya ödənilib. Aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha artıq olacağı gözlənilir.