Azərbaycanda dövriyyədə olan bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarının norma daxilində olduğu müəyyənləşib VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Bitkiçilik sahəsində dünyada qlobal problemlərdən biri pestisidlərin həddən çox istifadəsidir. Çünki bu, nəticədə pestisidlərlə təmasda olan insanlarda sağlamlıq problemlərinin, o cümlədən ətraf mühit problemlərinin yaranmasına gətirib çıxarır. Ən əsası isə qida məhsullarında pestisidlərin qalıq miqdarı formalaşır. Bu da insanların həyat və sağlamlığı üçün təhlükə riskidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin bu günə qədər apardığı monitorinqlərə əsasən Azərbaycanda dövriyyədə olan bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarının norma daxilində olduğu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son illər ölkədə pestisidlərdən istifadə səviyyəsi sürətlə artdığına görə agentlik bitkiçilik təsərrüfatlarının pestisidlərdən düzgün istifadəsində nəzarət mexanizmlərini daha da genişləndirib. Eyni zamanda, bitkiçilik məhsullarında pestisidlərin qalıq miqdarının norma daxilində olması məsələsinə həm ixrac, həm də idxal zamanı nəzarət tədbirləri gücləndirilib. "Bitkiçilik təsərrüfatlarında pestisidlərdən istifadə birinci deyil, sonuncu həll yolu olmalı, zərərvericilərlə mübarizədə daha çox bioloji, biotexniki üsullardan istifadə edilməlidir. Həmin üsullar səmərə vermədiyi təqdirdə pestisidlərdən müvafiq reqlamentlərə uyğun istifadə edilə bilər", - deyə E.Mikayılov fikirlərinə yekun vurub.