Qax rayonunda Aşağı Malax-Qaşqaçay-Armudlu yolunun yenidən qurulması yekunlaşır VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci kilometrindən ayrılan və uzunluğu 12.5 kilometr olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri son mərhələdə olmaqla davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir. Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib. Artıq yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşmaq üzrədir.
Layihə üzrə 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.
Layihə çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.