REGİONLAR
Biləsuvarlı pambıqçılar 23,5 min tondan çox pambıq yığmağı qarşıya məqsəd qoyublar FOTO VİDEO
Biləsuvar, 18 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda pambıq yığımına başlanılıb. Bir neçə gün ərzində sahələrdən 3816.34 tondan çox məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq bir neçə gündür fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 450-500 ton məhsul yığılır. Buna baxmayaraq, əlverişsiz hava şəraiti açılan pambığın yerə tökülməsinə, itkiyə səbəb olur.
Dövlət başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq xeyli artıb. Mütəxəssis Şəfa Şahverdiyevin dediyinə görə, bu il hər hektardan orta hesabla 35 sentnerdən çox məhsul yığmaq mümkün olacaq.
“Pambıq yığımına sentyabr ayının sonlarında başlamışıq. Son günlər havaların yağışlı keçməsi məhsulun çəkisinin itməsinə gətirib çıxarır. Çünki yağış dəyən pambıq quruyarsa, çəkisini itirir. Amma buna baxmayaraq, göstəricilərimiz hələ ki pis deyil. Çalışırıq ki, planlaşdırdığımız nəticəni alaq”, - deyə o bildirib.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mikayıl İmanovla söhbət zamanı, bu il rayonda 6745,8 hektar sahədə pambıq əkildiyini öyrəndik. M.İmanov da son günlər havanın yağıntılı keçməsinin pambıq yığımında bir sıra çətinliklər yaratdığını bildirdi. “Buna baxmayaraq, qarşımıza məqsəd qoymuşuq ki, yığımı optimal şəkildə başa vuraq. Digər tərəfdən, Biləsuvarda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu mövsüm tarlalarda bol məhsul yetişib. Hazırda tarlalara 34 kombayn və 100-dən çox digər texnika cəlb olunub. Məhsuldarlıq 35 sentner olarsa, ümumu yığım 23,5 min ton təşkil edəcək. Məhsulun daha tez yetişməsi üçün 4898 hektar sahədə dərmanlama işləri də aparılır. Hava şəraiti imkan verərsə, yığım prosesi noyabrın 15-ə kimi yekunlaşacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 23,5 min tondan çox pambıq yığmağı qarşılarına məqsəd qoyublar. Ötən il məhsul istehsalçıları sahələrdən 17,8 min ton xam pambıq tədarük ediblər.