REGİONLAR
Masallıda 38 km uzunluğunda avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrindən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilib. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Layihə üzrə yolboyu texnoloji ardıcıllığa riayət olunmaqla torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri artıq yekunlaşdırılıb.
Sözügedən işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.