REGİONLAR
Bu il Cəlilabadda 72 min hektardan çox sahədə payızlıq dənli bitkilər əkiləcək VİDEO
Cəlilabad, 14 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkənin iri taxılçılıq rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə payızlıq dənli bitkilərin əkilməsi üçün şum işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, əlverişli hava şəraitindən yararlanan fermerlər bu günədək 69 min hektar sahədə təkrar şum işlərini başa çatdırıblar. Hazırda tarlalarda şum işləri ilə yanaşı, əkin üçün hazırlanmış sahələrdə səpin də həyata keçirilir.
Aqronom İmran Babayev deyir ki, 150 hektar sahədə taxıl əkini ilə məşğuldur. Ötən il əkin sahəsinə yaxşı qulluq göstərdiyindən, hektardan 40 sentner məhsuldarlıq əldə edib. “Bu il də taxıl səpini işlərinə hazırlıq normal gedir. Torpağın becərilməsi ilə yanaşı, reproduksiyalı toxumla əkin aparılması da ən vacib şərtlərdən biridir. Aqrotexniki işləri vaxtında aparıb, bu il də yaxşı məhsul götürməyi planlaşdırırıq”, - deyə o bildirib.
Ümumilikdə Cəlilabadda taxıl sahələrinin 7500 hektarı suvarılan sahələrdir. Əkin işlərinin 90 faizə yaxını dəmyə üsulu ilə aparılır. Buna görə də fermerlər adətən səpinqabağı yağmurlu hava şəraitini gözləməli olurlar. Bu günədək əkini proqnozlaşdırılan 66 min hektar buğda və arpa sahələrinin 35 min hektarında səpin işləri başa çatıb.
Fermer Bəhruz Məmmədovla söhbət edirik. Ötən il 8 hektar sahədə “Qobustan” sortundan olan taxıl əkən Bəhruz deyir ki, 3,5 - 4 ton məhsul yığıb: “Bu il də həm “Bərəkət”, həm də “Qobustan” sortundan olan taxıl əkmək istəyirəm. Artıq əkin işlərinə başlamışıq. Gələcəkdə isə sahəni genişləndirib 10 hektar edəcəyəm”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mübariz Nadirov bildirib ki, xüsusilə dağlıq zonalarda dolu, sel, yağış 1400 hektar sahəyə ziyan vurdu. Buna baxmayaraq, ümumilikdə rayonda builki mövsümdə 180 min tondan çox taxıl və buğda, 20 min ton arpa istehsal edildi. “Ümumilikdə 204 min tondan yuxarı məhsulumuz oldu. Ümidvaram, bu il də ötən ildəkindən çox məhsul istehsalına nail olacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, taxıl istehsalçıları bu il payızlıq əkinlər üzrə 58 min hektar sahədə buğda, 8 min hektar sahədə arpa, 4 min hektar sahədə isə vələmir əkməyi nəzərdə tutublar.