Yeni yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib VİDEO
Bakı, 23 noyabr, AZƏRTAC
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci kilometrində yerüstü piyada keçidinin inşası yekunlaşdırılaraq istifadəyə verilib.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.