Cəlilabadda payızlıq kartof boldur, qiymət kəskin ucuzlaşıb VİDEO
Cəlilabad. 14 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
İkinci çörək hesab edilən kartof bitkisi bu il Cəlilabad rayonunda payızlıq əkin olaraq, ötən ilkindən 350 hektar artıq sahədə yetişdirilib. Məhsul yığımı yekunlaşmaq üzrədir. Bu günədək 890 hektar sahədə yığım işləri başa çatıb. Orta məhsuldarlıq 200 sentnerə yaxın olsa da, bir çox təsərrüfatlarda innovativ becərmənin tətbiqi sayəsində hər hektardan 300 sentnerdən yuxarı məhsuldarlıq əldə edilir.
AZƏRTAC xəbər verir ki, artıq ixtisaslaşmış kartof sahələrində əksər təsərrüfat sahibləri xaricdən gətirilən yüksəkkeyfiyyətli və regionlaşmış kartof sortlarından istifadə edirlər. Bunlardan biri də qırmızı “Razara” kartof sortudur. Mütəxəssislərin sözlərinə görə, bu sortlar əsasən payızlıq əkinlərdə iqlimə uyğun olaraq biotik və abiotik amillərə qarşı da dözümlüdür.
İstehsalçı Bəxtiyar Musayev də bu mövsüm kartof sahələrindən bol məhsul tədarük edib. Lakin deyir ki, məhsulu normal qiymətə sata bilməməsi onu da bir çox sahibkar kimi narahat edir: “Bu il özüm üçün iki hektar payızlıq əkmişdim. Məhsuldarlıq yaxşı oldu,15-25 ton məhsul verdi, bu da təbii ki, sahədən asılıdır. Öz toxumumuz idi. İndi bir kiloqramının qiyməti 30 qəpikdir. Həmin 30 qəpiyi də fəhləyə verirsən. Əkdiyin məhsulun mayasını heç çıxartmır”.
Cəlilabad DAİM-in sektor müdiri Mübariz Nadirov isə AZƏRTAC-a deyib ki, rayonda bu il 600 hektar kartof əkilməsi proqnozlaşdırılıb. Lakin fermerlər 985 hektar kartof əkiblər: “Yəni bu sahə ilə məşğul olanlar və bu sahədə istehsal göstəriciləri yuxarıdır. Fermerlər adətən kiloqramı 70-80 qəpiyə, bu il isə kiloqramı 25-30 qəpiyə satılır, bu da şübhəsiz məhsul bolluğu ilə bağlıdır”.
DAİM mütəxəssisinin sözlərinə görə, hazırda yığımı davam edən kartof sahələrindən təxminən 20 min tondan çox məhsul gözlənilir. Yazlıq əkinlərdən isə 159 min 500 ton kartof tədarük edilib. Bunun 61 min 634 tonu Rusiya bazarlarına çıxarılıb. Ümumilikdə isə istehsalçılar kartof əkinlərindən 6 milyon 380 min manat xalis gəlir əldə ediblər.