ADA Universitetində “Beynəlxalq Ərəb Dili Günü” keçirilib YENİLƏNİB VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Sonra Azərbaycanın və Səudiyyə Ərəbistanının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu ildən etibarən universitetdə ərəb dilində dərslərin tədrisinə başlanılıb. Bu dərslər həm tələbələr, həm diplomatlar üçün keçirilir. “Ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələr getdikcə genişlənir. Buna görə də bu sahəyə diqqəti artırırıq. Biz burada təkcə ərəb dilində dərslər keçmirik, ərəb mədəniyyətinə də önəm veririk”, - deyə o qeyd edib.
Milli Məclisin deputatları Fatma Yıldırım və Ceyhun Məmmədov çıxışlarında diqqətə çatdırıblar ki, ərəb dövlətləri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Hazırda Azərbaycan ərəb ölkələri ilə əməkdaşlığı bir çox sahədə aparır. İslam Əməkdaşlıq Təşkilatına üzvlük buna nümunədir. Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Bu gün bir sıra ərəb şirkətləri Azərbaycana investisiya qoyur. Ərəb dövlətləri, eyni zamanda, Qarabağa investisiya yatırırlar və haqlı savaşımızda bizə mənəvi dəstək oldular. Bu da dostluğumuza töhfədir. Ərəb dünyası ilə münasibətlərin gücləndirilməsi respublikamızda ərəb dilinə marağı daha da artırır.
Daha sonra Ərəbşünaslıq Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirilib, bədii hissə təqdim olunub.
Tədbir Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteylinin çıxışı ilə davam edib. O, ərəb dilinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu dil İslamın dilidir və dünyada geniş yayılıb, bir milyarda yaxın insan bu dildə danışır.
Səfir deyib ki, ərəb dili BMT-nin beynəlxalq səviyyədə istifadə etdiyi altı dildən biridir. Diplomatın sözlərinə görə, onun ölkəsi bu dilin qorunması, inkişafı, qlobal və regional səviyyədə istifadəsinin təşviqi istiqamətində mühüm işlər görüb.
Keçmişdə azərbaycanlı tarixçilərin, şairlərin ərəb dilində əsərlər yazaraq bu dilin zənginləşməsinə öz töhfələrini verdiyini diqqətə çatdıran səfir əlavə edib: "Dil mədəniyyətlər arasında körpüdür. Bizim ölkələrimiz arasında mədəniyyət sahəsində dərin bağlar var və bu bağların, əməkdaşlığımızın daha da güclənəcəyini gözləyirik".
Sonda xatirə şəkli çəkdirilib.