Leon Qriqorios: Azərbaycanda aparılan antidopinq siyasəti yüksək standartlara cavab verir VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
“Azərbaycan Milli Antidopinq Agentliyi müsbət işlər görür. Bilirəm ki, ölkənizdə aparılan antidopinq siyasəti yüksək standartlara cavab verir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Yunanıstan Milli Antidopinq Agentliyinin (HADA) rəhbəri Leon Qriqorios Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar" adlı beynəlxalq elmi-praktiki konfransdakı çıxışı zamanı deyib.
Azərbaycan və Yunanıstan arasında antidopinq sahəsində oxşarlıqların olduğunu deyən funksioner bu konfransdan sonra qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyini bildirib: "Bu cür tədbirlərin çoxluq təşkil etməsini istəyirik. Məqsəd idmançıları maarifləndirməkdir. Belə əməkdaşlıqlar böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans fevralın 23-də işini Qubada davam etdirəcək. Beynəlxalq idman mədəniyyətinin inkişafı, qadın idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.