CƏMİYYƏT
Məhkəmə icraatının bütövlükdə elektron müstəviyə keçidinin təmin edilməsi ilə əlaqədar araşdırmalar və müzakirələr davam edir VİDEO

Bakı, 2 aprel, AZƏRTAC
Yaşadığımız dövrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin və dövlətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Əhaliyə göstərilən dövlət xidmətlərinin elektronlaşması, dövlət orqanlarının fəaliyyətində rəqəmsallaşmanın genişləndirilməsi ilə əlaqədar görülən tədbirlər hüquq-mühafizə və məhkəmə orqanlarını da əhatə edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov aprelin 2-də keçirilən Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.
O, fikirlərinə belə davam edib: "Texnoloji yeniliklərin cinayət mühakimə icraatına tətbiqi üçün vahid hüquqi çərçivənin müəyyən edilməsi sahəsində uğurlu beynəlxalq hüquq alətlərindən biri Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasıdır. Həmin konvensiya əsasında ölkəmizdə qanun layihəsi hazırlanıb və cinayət məcəlləsinə kibercinayətlər adlı fəsil əlavə edilib. Bununla da qanunvericiliyimiz bu növ cinayətlərə qarşı maddi hüquqi baxımından müvafiq hüquqi bazaya malik olub".
F.Ələsgərov məhkəmə icraatının bütövlükdə elektron müstəviyə keçidinin təmin edilməsi ilə əlaqədar araşdırmalar və müzakirələrin davam etdiyini də diqqətə çatdırıb.