300 GENERAL İSTEFAYA GÖNDƏRİLƏCƏK
Nazirin sözlərinə görə, ilin sonunadək Rusiya ordusunun strukturu “dünya praktikası standartına” uyğun olacaq, yəni hər min nəfər hərbi qulluqçuya bir general düşəcəkdir. Doğrudur, ixtisarlar Müdafiə Nazirliyinin mərkəzi aparatına, demək olar, toxunmayacaqdır.
İxtisarların başlıca “qurbanları” təchizatçılar və arxa xidmətçiləri, texniki xidmət və bioloji, radiasiya və kimyəvi müdafiə xidmətlərinin nümayəndələri olacaqlar. General islahatı, ən yüksək səviyyə istisna olmaqla, bir sıra qərargah vəzifələrini də əhatə edəcəkdir. Məsələn, ordularda komandanın silah və arxa üzrə müavini vəzifələrində polkovniklər çalışacaqlar. Bundan əlavə, indi polkovniklər korpusların, poliqonların və kosmodromların qərargahlarına başçılıq edəcək, habelə silahlı qüvvələr növlərinin növbətçi generalları vəzifəsini yerinə yetirəcəklər. Silahlı qüvvələrin növlərindən hər birində - quru qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri - 50-dək general və admiral ixtisara salınacaq, altı hərbi dairədən hər birində və dörd donanmanın hər birində 10-dan 15-dək yüksək zabit vəzifələri ləğv olunacaqdır. Silahlı qüvvələr növlərinin kəşfiyyat idarələrində ixtisarlar artıq başa çatdırılmışdır. Onlar şöbələrə çevrilmişdir. Bu şöbələrə general-leytenantlar yox, polkovniklər başçılıq edəcəklər.
Müdafiə naziri hərbi idarənin tərkibinə daxil olan 25 elmi tədqiqat institutunu da “unutmamışdır”. Onların rəhbərlərinin vəzifələri general-mayordan polkovnik vəzifəsinədək aşağı salınacaqdır.
Hərbçilərin özlərinin fikrincə, bir sıra general vəzifələrinin ləğv edilməsi qoşunların idarə olunması prosesini poza bilər. Hərbi hava qüvvələrinin keçmiş komandanı, ordu generalı Anatoli Kornukov demişdir: “Polkovnik rütbəsində olan növbətçi generalın müstəqil qərar qəbul etməsindən söhbət belə gedə bilməz. Axı, o, indiyədək polk komandiri vəzifəsində çalışmışdır. Nəticədə, növbətçi general dispetçerə çevriləcəkdir”.