31 Mart – Tarixin qanlı salnaməsi
Zaqatala, 31 mart, AZƏRTAC
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Zaqatala şəhərindəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə “31 Mart- Tarixin qanlı salnaməsi” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə abidənin önünə gül-çiçək düzüb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Çıxışlarda Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, milli mənsubiyyətinə görə azərbaycanlıların deportasiyalara məruz qalmaları və doğma yurdlarından qovulmaları bədnam qonşularımızın “böyük Ermənistan” ssenarisinin bir qolu, tərkib hissəsi olub.
Tədbirdə azərbaycanlılara qarşı soyqırımı siyasətinin indi də davam etdirildiyi, xalqımızın 20 Yanvar, Xocalı kimi misli görünməyən dəhşətli faciələr yaşadığı, torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyona yaxın həmvətənimizin doğma torpaqlarından didərgin düşdüyü diqqətə çatdırılıb.
Qeyd olunub ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, uzun illər baş verənlərə lazımi qiymət verilməyib, dünyaya çatdırılmayıb. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilib.