SİYASƏT
Givi Mikanadze: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması məsələsini bütün görüşlərdə qabardırıq VİDEO
Strasburq, 6 oktyabr, AZƏRTAC
“Gürcüstan nümayəndə heyəti Azərbaycanla bağlı cari debatın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gündəliyinə salınmasına etirazını bildirdi. Azərbaycan Avropa Şurasının üzvüdür. Təəssüf ki, Azərbaycan nümayəndə heyəti AŞPA payız sessiyasında yoxdur. Bu il üçün nümayəndə heyətinin səlahiyyətləri dondurulub. Ancaq Gürcüstan nümayəndə heyəti Avropa Şurasının müxtəlif orqanları ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtmaq məsələsini vurğulayır. Tezliklə Azərbaycanın yeni seçilmiş parlament üzvləri ilə danışıqlara başlamaq lazımdır”.
Bu fikirləri Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan hər hansı məsələyə baxılması AŞPA-nın dialoq prinsipinə uyğun gəlmir. Hər hansı məsələ müzakirə olunarkən həmin ölkənin nümayəndələri debatlarda iştirak etməlidirlər.
“Bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirildi. Yeni seçilmiş Azərbaycan parlamentinə məlumat verilməlidir. Hətta, biz bu prosesdə vasitəçilik etməyə hazırıq. Debatlarda Avropa Şurasının hər bir üzvünün iştirakı çox vacibdir. Regional inkişaf və Cənubi Qafqaz haqqında danışarkən müəyyən edirik ki, bütün üzv dövlətlər bütün beynəlxalq təşkilatlarda iştirak etməlidir. Parlament siyasətçilərin müzakirəsi üçün ən vacib platformalardan biridir. Azərbaycan nümayəndə heyətinin yeri görünür. İnanırıq ki, Azərbaycan nümayəndə heyəti növbəti sessiyada iştirak edəcək”, - deyə gürcü deputat bildirib.
G.Mikanadze Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə toxunaraq, ölkəsinin bunun üçün əlindən gələni etdiyini deyib. “Bu saziş təkcə Azərbaycan və Ermənistan deyil, bütün Cənubi Qafqaz üçün vacibdir. Sülh mühiti formalaşarsa və saziş tezliklə imzalanarsa, bütün ölkələr və region üçün faydalı təminatlar yaradacaq. Ona görə də, biz prosesin sülh yolu ilə razılaşdırılmasına gətirib çıxara biləcək istənilən prosesdə vasitəçilik etməyə hazırıq. Məsələni izləyirik və başa düşürük ki, sazişin böyük hissəsi artıq razılaşdırılıb, lakin bəzi aspektlər həll edilməlidir. Sülh sazişinin mümkün qədər tez imzalanmasını səbirsizliklə gözləyirik. Gürcüstan həmişə sülhün vacib olduğu yanaşmanı saxlayır və imkan daxilində ona töhfə verməyə hazırdır”,-deyə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri G.Mikanadze vurğulayıb.