REGİONLAR
Neftçalada 42 kilometrlik yol infrastrukturları yenidən qurulub VİDEO
Bakı, 9 oktyabr, AZƏRTAC
Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Yolun 30 kilometr uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 kilometr təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
Yolun yararsız örtüyü sökülüb, yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq yeni yol yatağı inşa edilib. Ardınca genişləndirmə və kipləşdirmə işləri görülüb, yol əsasının tikintisi aparılıb.
Layihəyə uyğun olaraq, yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik suötürücü borular quraşdırılıb, zəruri ərazilərdə istinad divarları inşa edilib. Bununla yanaşı, layihənin Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülər təmir edilib.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri icra edilib.
Avtomobil yollarının yenidən qurulması 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında rahat gediş-gəlişi, yük və sərnişin daşımasını asanlaşdırmaqla, əhalinin sosial rifah halına müsbət təsir edəcək kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.