İQTİSADİYYAT
Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonunda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.