Davika Bissessar Şau boneralıları xilas etməyə çağırış edib VİDEO
Cenevrə, 24 oktyabr, AZƏRTAC,
“Niderland Krallığının müstəmləkəsi olan Boner adasında insan hüquqları ciddi şəkildə pozulur”.
Bu fikri BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfransda Niderlandın müstəmləkəsi altında olan Boner adasının “Boner İnsan Hüquqları” təşkilatının prezidenti Davika Bissessar Şau AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz edilir və bu zaman həddindən artıq dozadan istifadə edilir.
“Bu, planlı şəkildə yerli əhalinin sayının azalması üçün aparılır. Adamızda azsaylı xalq hesab olunuruq. Azyaşlı uşaqlar ailələrindən alınaraq, niderlandlı baxıcılara verilir. Bu isə cəmiyyətimizin gələcəyinə hücum, onun silinməsi deməkdir. Niderland bu müstəmləkə adasında yerli insanların tamamilə məhv olub aradan çıxması üçün bütün vasitələrdən istifadə edir”, - deyə qeyd olunub.
D.B.Şau bildirib ki, Boner adasında səhiyyə böhranı son dərəcə narahatedicidir, reanimasiya və təcili tibbi yardım müəssisələri yoxdur. Xəstələr Kolumbiyaya aparılmalıdır. 70 yaşdan yuxarı insanlara tibbi xidmət göstərilməsi qadağandır. Yaşlı insanları yaşamaq hüququndan məhrum edən qanunlar narahatedicidir. Boner adaları sakinlərinin orqanları qanunla dövlət mülkiyyəti kimi iddia edilir və bu ləyaqət və insan hüquqlarının pozuntusudur.
Vurğulanıb ki, ada sakinlərinin mədəniyyət və dini inanclarına məhəl qoyulmaması boneralı kimi mövcudluğu təhdid edən sistematik institutsionallaşmış depopulyasiya siyasətinin bir hissəsidir.
“Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıram. BMT-nin və dünyanın “Heç kim geridə qalmamalıdır” əqidəsi olaraq bu haqsızlıqların davam etdiyi bir vaxtda dayana bilmərik. Boner adası da BMT-nin özünüidarə etməyən ərazilərinə daxil edilməlidir.
Biz həssas təbəqənin hüquqlarını müdafiə etməli və qorumalı, insan ləyaqəti prinsiplərini və ədalətin təmin olunmasını təmin etməliyik”,- deyə D.B.Şau boneralıları xilas etməyə çağırış edib.