SİYASƏT
Mlin Sakilia: Fransa Kaledoniyanı hərbiləşdirməklə söz azadlığına mane olur VİDEO
Cenevrə, 24 oktyabr, AZƏRTAC
Kaledoniyada dinc nümayişlər işgəncəyə çevrilib, bütün ictimai fəallar Fransa polisi tərəfindən həbs edilib.
Bu fikirləri BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransda Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia AZƏRTAC-a açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, ifadə və siyasi fikirləri boğmaq məqsədilə Fransanın milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin əksəriyyəti Kaledoniyaya yerləşdirilib. Bildirilib ki, kanaklar həbs olunub, döyülüb, sərt sorğu-suala məruz qalıblar. Həbs olunanlar qeyri-insani şəraitdə saxlanılır, ləyaqətləri tapdalanır. Bu günə qədər 500-dən çox kanak itkin düşüb, 2800 nəfər həbsdə saxlanılır, 13 nəfər ölüb.
Qeyd olunub ki, Yeni Kaledoniya özünü idarə etməyən ərazi siyahısındadır, müstəmləkəçiliyə son qoyulmalıdır.
“Fransanın Numea ilə imzaladığı sülh prosesi fransız dövləti tərəfindən tapdalandı. Cari ilin fevralında Fransa dövləti Yeni Kaledoniyanın Konstitusiyasında dəyişiklik etməyə cəhd etdi. Bununla Kaledoniyanın seçki korpusunda dəyişiklik etməyə çalışdı. Ancaq bu dəyişiklik cəhdi Kaledoniyada böyük etiraza səbəb oldu.
Fransa dövləti Kaledoniyanı hərbiləşdirir, adaya çox sayda jandarmlar göndərib və bununla söz azadlığına mane olur. Fikirlərini sərbəst ifadə etməkdə kanaklara mane olur. Son 6 ay ərzində çox hadisələr baş verib, 2800 kanak həbs edilib, 500 kanak itkindir, 13 ölüm qeydə alınıb. Bu rəqəmlər az görünə bilər ancaq 270 min sakin üçün bunlar çox böyük rəqəmlərdir. Buna başqa sözlə “insan ovu” deyilir. Adamızın suverenliyini tələb edən gəncləri terrorist adlandırırlar, halbuki bu gənclər öz haqlarını tələb edirlər”, - deyə M.Sakilia Kaledoniyada insan hüquqlarına riayət edilməsini istədiklərini deyib.