Balakənli bağça müəllimi diaqnostik qiymətləndirmə imtahanında ölkə birincisi olub VİDEO
Balakən, 24 oktyabr, AZƏRTAC
Ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən diaqnostik və sertifikasiya imtahanlarından sonra növbə bağça müəllimlərinə də çatıb. Bu günlərdə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün ilk dəfə diaqnostik qiymətləndirmə imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahanda ölkə üzrə ən yüksək nəticəni Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Sədaqət Bayramova göstərib. Əməkdaşımız həmin uşaq bağçasına baş çəkib, qalib müəllim və onun çalışdığı kollektivin üzvləri ilə həmsöhbət olub.
Tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirilməsi üçün keçirilən imtahanın növbəti günündə çalışdığı uşaq bağçasına həmişəki kimi vaxtında gələn Sədaqət Bayramovanı bu dəfə uşaqlar gül-çiçəklə qarşılayırlar.

Məsul olduğu qrupa riyaziyyat fənnindən məşğələ keçdikdən sonra onların dincəlməsi üçün qısa fasilə verir. Dərs başa çatandan sonra müəllimin uğur hekayəsi ilə maraqlanırıq.
“Elm və Təhsil Nazirliyi diaqnostik imtahanla bağlı məlumat yaydığı gündən öz üzərimdə, elə kollektivimlə bir yerdə işləyirdim. Çoxlu müzakirələr aparır, testlər işləyirdik. Boş vaxtlarımızdan səmərəli istifadə etmişik. Ailəmin böyük dəstəyi olub, çox mənəvi dəstək veriblər. Özümü psixoloji cəhətdən də hazırlamışdım” - deyən Sədaqət Bayramova Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun yetirməsi olduğunu bildirir. Deyir ki, 1998-ci ildən Balakən şəhər 3 nömrəli körpələr evində çalışır və hər zaman uşaqların inkişafına, onların təlim-tərbiyəsinə böyük önəm verir. Ona görə də tərbiyə etdiyi uşaqlar indi harada olmalarından asılı olmayaraq, vaxtaşırı müəllimlərinə baş çəkir, onu unutmurlar.
“Vətənimizin, cəmiyyətimizin gələcəyi indi uşaqlara necə tərbiyə verməyimizdən asılıdır. Bu uşaqları hərtərəfli şəxsiyyət kimi formalaşdırmaq isə bizim vətəndaşlıq borcumuzdur”, - deyə Sədaqət Bayramova bildirir.

“Rayonumuzda 25 bağça fəaliyyət göstərir. Onlardan 151 nəfər diaqnostik qiymətləndirmədə iştirak etdi. Müəllimlərimizin 90 faizi imtahanlarda uğurlu nəticə əldə ediblər”, - deyən Qumru Daanova sözlərinə onu da əlavə edir ki, imtahanlara hazırlıqlarla bağlı rayonda 3 aya yaxın təlimlər keçirilib. Eyni zamanda, Şəki-Zaqatala regional təhsil idarəsi tərəfindən də təlimlər təşkil olunub və tərbiyəçilər bunun nəticəsini, bəhrəsini diaqnostika imtahanında görüblər.
Yeri gəlmişkən, Sədaqət müəllimin çalışdığı kollektiv də onu ayrıca təbrik etməyi unutmayıb. Müəllim kollektivi bir araya gələrək, həm bu əlamətdar hadisəni qeyd edib, həm də gələcək birgə fəaliyyətləri barədə müzakirə aparıblar.