Səhiyyə Nazirliyinin layihə rəhbəri: İnsultun qarşısını 90 faiz hallarda almaq olar VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
“Müasir tibdə insultun təbii gedişini dəyişə biləcək müalicə mövcuddur. Əsas odur ki, bu müalicə zamanında, yəni təcili olaraq edilsin. İnsultun müasir müalicəsi “Zaman beyindir” şüarı altında aparılır. İnsult zamanı hər dəqiqə beyində iki milyon neyron məhv olur. Damar tıxanması mövcuddursa, qan dövranının fəaliyyəti operativ bərpa olunduğu halda yaxşı nəticə əldə etmək mümkündür”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin “İnsult xidməti” layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirib.
İnsultun müasir müalicə üsullarından danışan həkim bildirib ki, Azərbaycanın səhiyyə sistemində insultun profilaktikası və müalicəsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İnsultun erkən reabilitasiyası və postinsult reabilitasiyası məqsədilə müvafiq mərkəz yaradılıb: “2021-ci ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Bakı Sağlamlıq Mərkəzində ixtisaslaşmış İnsult Mərkəzi yaradılıb. Pilot layihə kimi yaradılan bu mərkəz 3 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzdə intensiv insult bölümü yaradılıb. İnsultla bağlı araşdırma aparılır, erkən reabilitasiya həyata keçirilir”.
Mərkəzin insult xəstəliyindən əziyyət çəkən xəstələrə müasir tibbi standartlara uyğun xidmət göstərdiyini vurğulayan nevroloq bildirib ki, beyin qan dövranının kəskin pozulması xəstəliyi olan insult təhlükəlidir: “Bu xəstəlik ölümə gətirib çıxara bilər. İnsult dünyada ürəyin işemik xəstəliyindən sonra ölüm səbəbləri arasında ikinci sıradadır. Əlilliyə gətirib çıxaran xəstəliklər arasında isə insult 1-ci yerdədir. İnsultun qarşısını 90 faiz hallarda almaq olar, bu, profilaktika oluna bilən xəstəlikdir. Əsas odur insult xəstəsi zamanında gəlsin, yaxud gətirilsin. Simptomlar üzə çıxan kimi xəstə dərhal təcili tibbi yardıma müraciət etməlidir”.
Qeyd edək ki, oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.