Xocalı qurbanlarının xatirəsi İstanbulun İbn Haldun Universitetində anılıb VİDEO






İstanbul, 24 fevral, Günel Karatepe, AZƏRTAC
İstanbulun İbn Haldun Universitetində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İstanbulun İbn Haldun Universiteti, Azərbaycanın İstanbuldakı baş konsulluğu və bu ali təhsil müəssisəsinin Heydər Əliyev Avrasiya Araşdırmaları Tətbiq və Araşdırma Mərkəzinin (HACE) birgə təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İbn Haldun Universiteti Qəyyumlar Şurası sədrinin müavini, Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğan, bu ali təhsil müəssisəsinin rektoru professor Atilla Arkan və digərləri iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad olunub.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımını bəşər tarixinin insanlıq adına ən utancverici qara ləkələrindən biri kimi dəyərləndiriblər.
Bildirilib ki, XX əsrin ən qanlı qətliamlarından biri kimi tarixə düşən bu hadisə zamanı gözü dönmüş ermənilər işğaldan da irəli gedərək qadın, uşaq və yaşlı demədən yüzlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi və bu faciəni törədənlərin cəzalandırılması istiqamətində başlatdığı yola diqqət çəkib, hazırda bu tarixi missiya ilə bağlı Azərbaycan dövləti, Heydər Əliyev Fondu tərəfindən görülən işlər haqqında danışıblar.
Tədbir əsnasında Xocalı soyqırımını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.