Rektor: Beynəlxalq təlimlər NDU-nun kadr hazırlığında çox əhəmiyyətli olacaq VİDEO
Naxçıvan, 3 aprel, AZƏRTAC
Bu gün aprel ayı üçün Naxçıvan Dövlət Universitetində elan olunmuş Beynəlxalq Təlimlər Aylığına start verildi. Beynəlxalq təlimlər universitetdə ilk dəfə ay ərzində keçirilir. Əvvəlki illərdə müxtəlif aylarda təlimlər keçirmişik, amma bu dəfə aprel ayını bütövlükdə təlimlər aylığı elan etmişik. Demək olar ki, hər gün üçün bir beynəlxalq təlim nəzərdə tutulub və ay ərzində 21 təlimçi tərəfindən beş istiqamətdə geniş mövzular üzərindən təlimlər aparılacaq. Təlimlər dünyanın müxtəlif ölkələrinin, o cümlədən ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistanın müxtəlif ali təhsil müəssisələri və tədqiqat institutlarının professorları tərəfindən aparılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən genişmiqyaslı Beynəlxalq Təlim Aylığı proqramının açılış tədbirindən sonra jurnalistlərə müsahibəsində universitetin rektoru Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, təlimlər daha çox Naxçıvan Dövlət Universitetinin akademik heyətinin və tələbələrin peşəkar inkişafını nəzərdə tutur. Amma təbii ki, Naxçıvan Muxtar Respublikasının digər müəssisələrini də nəzərə alaraq təlimlər açıq elan edilib. Mövzular öncədən elan olunub və bu mövzular üzrə maraqlı olan, öz peşəkar inkişafını artırmaq, beynəlxalq sertifikatlar almaq istəyən bütün iştirakçılar ödənişsiz olaraq ay ərzində təlimlərdə iştirak edə bilərlər.
“Təlim müddətində tələbələrimizin və müəllimlərimizin sualları cavablandırılacaq, eyni zamanda, təlimçi tərəfindən qiymətləndirmə aparıldıqdan sonra təlimçilərin imzası ilə hər bir iştirakçı sertifikatla təmin olunacaq. Təlimçilərimizin hər biri beynəlxalq sertifikatlı təlim keçirmək hüququna malikdir. Onlar dünyanın ən qabaqcıl sahələrində sertifikatlar qazanıblar və inanırıq ki, Naxçıvan Dövlət Universitetindəki kadr hazırlığında bu təlimlər çox əhəmiyyətli olacaq. Təlim müddətində dəvət olunmuş professorlarımız Naxçıvan Dövlət Universitetinin tələbələri üçün master-klaslar, ustad dərsləri keçəcəklər, mühazirələr oxuyacaqlar. İnanırıq ki, tələbə və müəllimlərimiz, muxtar respublikamızın digər dövlət qurumlarında çalışan iştirakçılar təlimin mövzularından faydalanacaqlar. Dəvətimizi qəbul edib universitetimizə gələn bütün təlimçilərə təşəkkür edirəm. İştirakçılara uğurlar arzulayıram”, - deyə Elbrus İsayev əlavə edib.